Ayı hörməti


Rusiya prezidenti bir neçə gün əvvəl Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Bu xəbəri eşidən ağlı başında olan hər kəs güldü, ironik yanaşdı. Adam o qədər qeyri ciddiləşib ki artıq hərəkətləri bambılılıq effekti verir.45

“Ayı” qonşu ölkənin BMT tərəfindən tanınan hissəsini, Krımı işğaıl edib. Sonra ürəyi soyumayıb ondan üz döndərən kiçik qardaşını cəzalandırmaq üçün şərqindəki rusları marionet kimi istifadə edib onlardan “respublikacıklar” qayırıb. Tutalım Krım barədə “ay Rusiyanın tarixi (!?) torpağıdı”, “ay Xuruşşov icarəyə vermişdi, indi də geri alırlar” kimi arqumentlərlə yola verdik. Bəs Ukraynanın şərqindəki Donetsk və Luqans bölgələrindəki Rusiya ekspansiyasını hara yazaq? Kor-kor, gör-gör hər bir fakt Moskvanın bölgədəki hərbi əməliyyatlarda aktiv iştirakını göstərir. Rusdilli əhalinin varlığını əsas göstərib az qala rəsmən qoşun yeridirlər. Özlərini müstəqil respublika elan etmiş Luqans və Donetsk “dövlətcik”ləri bu qədər silah sursatı, texnikanı, lojistika vasitələrini haradan alırlar bəs?

“Ukraynanın ərazi bütövlüyünü tanıyan” Rusiyanın rəsmi və de fakto hakimiyyətin nəzarətində olan mediasında Donetsk və Luqansk “respublika”larından müstəqil dövlət kimi bəhs edilir. Hətta vəziyyət yaranıb ki ərazisində asayişi bərpa etmək istəyən Ukrayna silahlı qüvvələri işğalçı kimi qələmə verilir. Bu necə “ərazi bütövlüyünə hörmət”dir ki beynəlxalq hüquq qaydalarını rəsmən pozursan? Halbuki həmin o qaydaları əsas gətirib “xalqların müqəddaratını təyin etmə” hüququndan dəm vurub Gürcüstanı və Ukraynanı işğal edirsən.

Rusiya belə bir dövlətdir. Heç bir oyun qaydalarrına uymaz. Adını da qoyar ki bəs qaydalar zəiflər üçündür. Lakin quyruğu məngənədə ilişəndə Roma hüququnu sanki mujiklər yazıblarmış kimi qanunlara sarılır.

Rusiya mediası Ukraynaya göstərdiyi “ərazi hörmətini” dəfələrlə bizə də göstərib. Ruisyadakı KİV və qurumlar “Dağlıq Qarabağ respublikası”ndan azmı bəhs ediblər? Hələlik Gürcüstan və Ukrayna qədər ərazimiz “hörmət”ə məruz qalmasa da Rusiya Azərbaycanla istənilən bir münaqişədə mətbuatı vasitəsilə Qarabağı “tanıyacaq”. Bundan tam əmin ola bilərsiniz.

İndi bəziləri durub ABŞ və Avropa dövlətlərinin də beynəlxalq hüququ tapdalaması barədə n qədər misallar çəkəcəklər. Onları mən də inkar etmirəm. Lakin bizə nə dəxli? Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirakı olan dövlət hansıdı? Rusiya açıq şəkildə, parlamenti və rəsmi qurumları tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyıbmı? Halbuki Qərb ölkələri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

Azərbaycanlılar ehtimalları reallıqdan daha çox sevən yığıntı (xalq deməyə dilim gəlmir) olduğundan Rusiyanın fakt törətdiyi işğalçılıqları görmür, hansısa gələcəkdə olacaq işğallları ciddi qəbul edir. Avropa və ya ABŞ-ın nə vaxtsa Azərbaycanı işğal edə biləcəkləri versiyasını ciddi şəkildə arqument kimi həmsöhbətinə təqdim edirlər.

Rusiyanı ruslardan çox sevənlərə Qarabağın de fakto Rusiya tərəfindən işğal olunduğunu deyirsən, o dəqiqə ortaya çıxırlar ki, bəs ABŞ da (Avropa ölkələri) ermənilərə yardım edib. Dövlət olaraqmı? Yox, oradakı erməni lobbisi dövlətə təsir edib. Bəs rəsmi mövqe necə olub? Əşşi nə dəxli var, bəs niyə indi Ermənistana təzyiq etmirlər?

Adamlar cığallıqlarını genişləndirib Amerikanın İraqı, Əfqanıstanı bombalamağını gözə soxurlar. Bizə nə dəxli var o işğalların? deyə soruşanda cığallığın daha böyüyü ortaya çıxır: Bəs biz də müsəlmanıq axı.

Mövzumuz Rusiya idi. Güclü şimal qonşu bizim kimi kiçik ölkələr üçün heç bir yaxşı bir şey vəd etmir. Bəşəri dəyərlərdən uzaqlaşmış Rusiya narkoman kimi daha çox doza (burada torpaq, nüfuz dairəsi) qəbul etmək istəyir. Çevrəsindənq arşılıqsız sevgi və hörmət umur. Özü xalqların müqəddaratını həll etməyindən dəm vurur, lakin Ukrayna xalqının Avropa ailəsinə üzv olmaq istəyini özünə təhdid kimi qəbul edir.

Lakin əlahəzrət NEFT vaxtilə göyə qaldırıb şöhrətləndirdiyi, qüvvət verdiklərini indi mal peyini kimi yerə çırpmaqla məşğuldur. Heçnə istehsal etmədən (maddi, mənəvi) ancaq istehlak edənləri indi bir növ cəzalandırır. Şar kimi şişmiş Rusiya eqosunun havası çıxır artıq. Öyrəşdiyi zirvədən aşağı yumbalandığını görüb çırpınır, müqavimət göstərir. Beləcə iynəsi vurulub zəiflədilmiş və ipə sapa yatırılan Rusiya bölgədə tarazlığı qorumağa məcbur olacaq.

Bu şəraitdən istifadə etmək də bir məharət istər. Lider lazımdır ki, batan nəhəng gəmidən nisbətən aralı dursun ki özüylə dərinliyə aparmasın.

Cavab yaz