Yas-hekayə


Oğlan çayla stəkanları olan məcməyini samovarın yanından götürüb çadıra tərəf yollandı. Çiyni ilə pərdəni aralayıb içəri girdi. Məclisə nəzarət edən Mais onu görcək çayların kimə veriləcəyini göstərdi.

-Gətir bura. İki dənə də saxla Vahidlə Şahinə.

Yeni gələnlər “Allah rəhmət eləsin” deyib çaylarını aldılar. Üzlərinə kədərli ifadə verib mollanın sözlərinə qulaq asmağa başladılar.din.az_26a.jpg

-Vacibdir ki, hər gün yatmamışdan əvvəl bu duaları oxuyasınız. Bunları imamlarımız da oxuyublar. Kim ki oxuyub, onun ruzisi bol olub. Kim ki oxumayıb, onun işi yaxşı getməyib. Xüsusən yatmazdan əvvəl oxunan bu dualar cinləri, şeytanları uzaqlaşdırır. Oxumasanız əgər səhərə qədər cin-şeytan sizdən əl çəkməz.

Yasa gələnlər adətən beşinci dəqiqədən sonra mollaya qulaq asmağa son verib başqa məşğuliyyət tapırdılar. Kimisi yanındakıyla söhbətə başlayır, kimi telefonunda qurdalanır, kimisi sükuta dalıb gündəlik qayğılardan özünü sıyırmaq istəyir. Mollanı dinləyənlər də ya təzə-təzə dinə marağı yarananlar, ya da mollada səhv axtaranlar olur. Üçüncülər isə məşğul olmağa bir şey tapmayıb məcburiyyətdən dinləyənlərdi.

Yas sahibi mollaya göz etdi ki, yekunlaşdırsın. Ehsan gəlir süfrəyə. Mollanın mövzunu və səsi dəyişdirməyindən məclis əhli anladı ki, hamının gözlədiyi anın vaxtıdı. Mağar mollanın səs tonuyla birgə yuxu rejimindən çıxdı.

-Ay bala, çayları yığışdırın tez. Get Bilalgili çağır, onlar da kömək eləsinlər. Ehsan gecikib onsuz da. İşi gücü olan var, yubatmayaq onları.

Stəkan-nəlbəki və şirniyyatlar bir tərəfdən yığışdırılmamış digər tərəfdən pendir, göyərti, dovğa, turşu, çörək, lavaş düzülməyə başlandı. Bu işi görən uşaqlar artıq peşəkarlaşmışdılar. Xırda bir ləngimələri yox idi.

Bir az keçməmiş buğlanan aş məcməyiləri qapıda göründü.

-Ey məclis əhli, buyurun nuş edin ehsandan. Bunları mərhumun oğlu atasının xeyranatı üçün hazırlatdırıb. Yeyin ki, mərhumun da ruhu rahatlıq tapsın. Bismillah.

Son söz yasa gələnlərə rahat yeməyə girişmək üçün işarə idi.

Qaşıqların taqqıltısı mağarın başını götürmüşdü. Plovun yağı əlləri, yanaqları, bığları işıldadırdı. Ehsanın şirin yerində içəri səs-küylü iki nəfər girdi. Bir elə hey gülür və ya gülməyə mövzu axtarırdı. Yas yiyəsi onları görən kimi mağarın küncündə yer göstərdi.

-Gəlin burda oturun görüm. Niyə gec gəldiniz? Siz ki molladan qabaq gəlirsiniz. Ə, qaqaş, tez bura bir bulud aş. Qalan şey-şüyü də gətir. Uşaqlar acdı.

-Sağ ol, Teymur. Allah kişiyə rəhmət eləsin. Bizə o qədər siqaret verib ki.

Ehsan yeyənlərin bəziləri bu mənzərəyə heyrətlə baxırdılar. Özlərini belə rahat hiss edənlər kimlərdi belə? Özü də əyin-başları pis gündə. Deyərsən hörmətli qonaqlardı, o da deyil.

Şaşqın baxışlarla yanaşı, onlara normal baxanlar da vardı. Alışmışdılar bu ikilinin belə davranışına. Əksinə, qəsəbələrindəki yaslarda bunları görməyəndə nəsə çatmırmış kimi hiss edirdilər.

Azər heyrətlə nimdaş geyimli, qəribə davranışlı ikiliyə gözlərini zilləyib durmuşdu. Nəhayət onlardan gözünü çəkib yoldaşına tərəf çöndü.

-Qalib, kimdi bunlar? Teymur bunları elə qarşıladı ki, sanki hörmətli şəxslərdi. İmkanlı adamlara da oxşamırlar axı. Vəzifəlilərə heç. Nədiye bunları “blatnoy” edən?

Qalib gülümsünüb cavab verməyə tələsmədi. Boşqabının dibində qalan düyüləri qaşıqla yığıb ağzına qoydu. Azərin intizarını bir qədər də uzadıb yeməyini çeynəyib uddu. Üstündən də mineral su içib cavaba keçdi.

-Azik, bunlar qəsəbəmizin dəliləridi.

-Nə? Məzələnirsən, sən atağa?

-Niyə məzələnim ki? Görmürsən üst-başları nə gündədi. Bax, arxası sən tərəfə olan Şahindi, o biri isə Vahid. Vahidin əynində o yaşımtıl kombinezol ağlım kəsəndən onda olub. Şahin isə yay qış pencəkdə gəzir. Ən pis soyuqda belə palto, kurtka geyinmir. Uzaq başı papaq keçirir başına. Vahid isə ondan da betərdi. Başı qırxıq olur, ayağında da həmişə şəpşəpi. Millət corabı üst-üstə geyinir, bunun isə vecinə deyil.

-Hər yerdə dəli var da. Day bunlar kimi hörmətli deyillər axı.

-Çölə çıxaq, danışaram.

Şahinlə Vahidi müzakirə edən tək Azərgil deyildi. Qəsəbəni tanımayan, ilk dəfədi orada yasda iştirak edənlər də iki dəlini çözməyə çalışırdılar. Məclisin mövzusu dəyişmişdi. Bu mənzərəni ilk dəfə görənlər marağını təmin edəcək adamlar axtarışındaydılar.

Yasa gələnlərin başı Vahidlə Şahinin müzakirəsinə yaman qarışmışdı. Bir qədər sonra “dəli”lər yeməklərini yeyib “fatihə”ni gözləmədən çıxıb getdilər. Sadəcə Teymura: “Aton yaxçı kişi olub” – dedilər. Teymur üzündə məmnunluq ifadəsiylə “dəli”ləri nəzərləriylə yola saldı.

Onları birdən qalxıb getməsi mollanın yadına saldı ki, ehsanın ilk fatihəsini vermək lazımdı. İşi-gücü olan var, yaxşı deyil. Millət həya edib mollanın ağzına baxır. Salfetlə əl-üzünü silə-silə son tikələri də uddu. Stəkanın dibindəki mineral suyu başına qaldırıb əllərini duaya açdı.

-Mərhumun ruhuna bir fatihə verək. Əuzi billahimin neşeytanir rəcim, bismillahir rəhmanir rəhim….

Mollanın səsi məclisi səfərbər etdi. Əllər dua rejiminə keçdi. Bəziləri ovuclarını açmamışdılar da. Duanın sonunda əllər üzə doğru getdi. Bəziləri qoşa, bəziləri tək əllə salavat çəkdi. “Allah rəhmət etsin” cümləsindən sonra toplu olaraq ayağa qalxdılar. Beş-altı nəfərdən başqa hər kəs qapıya doğru üz tutdu. Çöldə Teymur əmisiylə yasa gələnləri yola salmağa başladı.

Azərlə Qalib başsağlığı diləyib maşınlarına tərəf getdilər. Məhəllədə yer olmadığından iki tin aralı saxlamışdılar. Avtomobilə qədər susaraq getdilər. Nəhayət maşına oturan kimi Azər zənnlə Qalibin üzünə baxdı. O da bu baxışların səbəbini başa düşdü.

-Bunlar qəsəbəmizin gülüdülər. Bunlarsız hansısa məclis təsəvvürünə gətirə bilməzsən. Toylar şadlıq evlərinə keçənə qədər mağarların yaraşığıydılar. Şadlıq evləri ortaya çıxandan bunlara ancaq yas, bir də düşərsə sünnət-münnət qalır.

-Bunlar doğrudan dəlidilər?

-Dəlidiləre, amma ağıllı dəli. – Bunu deyib Qalib güldü. – Gözümü açandan Şahinlə Vahidi görmüşəm. İkisinin də bəlkə əlliyə yaxın yaşları olar. Amma heç verməzsən. Çünki dərdləri yox, sərləri yox. Nə ailə saxlayırlar, nə də kiməsə borcları var. Yadımdadı, biz uşaq olanda gəlib bizlə futbol oynayırdılar. Ən çox da qapıda dayanırdılar. Bizə də o lazım idi. Novruz bayramında gedirdik taxta, ağac yığmağa. Bunlar da bizə qoşulurdular. Hələ bu nədi? Kimin evə nə işi-gücü vardısa qaçıb kömək edirdilər. Bizim məhlənin aşağısında su krantı vardı. İndi söküblər. Yay vaxtı arvadlar orda xalça-palaz yuyurdular. Bax, bu iksini orda görərdin. Yuyulandan sonra ağırlaşan xalçaları Vahid çiyninə alıb elə aparırdı ki, elə bilərdin odeyal götürüb.

-Bunların ailəsi-zadı yoxdu?

-Niyə yoxdu? Şahinin iki bacısı var. İkisi də ağıllı-başlı, gözəl-göyçək qızlardı. İndi ikisi də ərdədilər. İkisini də qəsəbədən alıblar. Başqalarına qalsaydı qardaşlarına görə yaxın düşməzdilər bəlkə də. Amma onu tanıdıqları üçün elçi gəldilər. Şahinin yeznələri də Şahinlə yaxşıdılar. Şahin demək olar onlarda çimir. Atasıgildən çox bacılarıgilə gedir. Axşamları ancaq evlərinə yatmağa gəlir.

-Vahidin deyəsən kimsəsi yoxdu.

-Şahinə baxanda elədi. Atası bu uşaq olanda zavodda iş qəzasında ölüb. Qardaşı Qarabağda şəhid olub. Bir yaxşı anası var. Amma ona əmiləri baxır. Evlərinin bütün təminatını iki əmisi görür. Özünü belə yetimvari geyinməyinə baxma. Hər şeyləri var, sadəcə geyinən deyil. Dəmiryol fəhlələrinin iş geyimini çox sevir. Bilirsən də qəsəbəmiz iki hissəyə bölünür. Ortada magistral xətlər gedir. Qaz, su, elektrik. Ona görə biz qarşı tərəfə “o tərəf”, özümüzə də “bu tərəf” deyirik. Şahinlə Vahid də hərəsi bir tərəfdə yaşayırlar. Hər biri bir tərəfi təmsil edir. Konsulumuzdular.

-Teymurun atasının qırxında da gələk.

-Yadıma salarsan.

Teymurun atasının yasından sonra daha neçə yaslar oldu. Bəzən məclis sahibi Şahinlə Vahidin arxalarınca adam göndərirdi ki, harda qaldılar belə. “Dəli”lərin paylarının saxlanıldığı da olurdu. Amma əksərən vaxtında gəlirdilər. Kimin öldüyü, üçü, yeddisi, qırxı nə vaxtdı bilirdilər.

Heç bir yas olmayanda isə qəsəbədə onları yedizdirən mütləq tapılırdı. Ya kafelərdən birinə aparırdılar, ya peraşki alıb verirdilər, ya da dönər hazırlatdırırdılar. Belə bir vəziyyətə həm Şahingil öyrəşdilər, həm də əhali.

Aradan üç il keçdi. Bir gün nüfuzlu nazirlərdən birinin qəsəbədə yaşayan qaynatası vəfat etdi. Mərhumun məhəllələrində xeyir-şər evi olsa da, xüsusi çadırlar gətizdirildi. Xeyir-şər evi sadəcə qadınlar üçün ayrıldı. Kişi qonaqlar üçün iki böyük mağar qurulmuşdu.

Ölənin üçünə bütün nazirlər təşrif buyurmuşdu. Onlar gələcək deyə şəhərdən düz yas yerinə qədər olan yol təmizlənmiş, gecəylə bəzi yerləri asfaltlanmışdı da. İcra hakimi bütün gecə təmizlik-bərpa işlərinə özü şəxsən rəhbərlik etmişdi.

Yas çadırları elə qurulmuşdu ki, içəridə olanlar çadırda olduqlarını unudurdular. Döşəmə xüsusi qurulur, masa və stullar digərlərindən fərqlənirdi. Bər-bəzəyi də olsaydı, deyərdin şadlıq sarayıdı. Qış olduğundan özəl istilik sistemi qurulmuşdu. Hətta qonaqların paltarları üçün qarderob da vardı. Sadə adamın sayı deyildi. Çoxlarının çəkindiyi nazirin qaynatasıydı ölən.

Nazirin özü hələ yüksək vəzifəyə keçməzdən əvvəl bu tərəflərə çox gedib gələrdi. Bir ara işsiz qalmışdı və ev kirayəsi ödəyə bilmədiyindən gənc ailə yeddi-səkkiz ay orada yaşamışdılar. Şansı gətirib vəzifə pillələrində yüksəldikdən sonra qaynatasının etdiklərinin əvəzini çıxmışdı da. Ona şəhərin mərkəzindəki yeni tikilidə ev, dəniz sahilində də iki mərtəbəli villa hədiyyə etmişdi. Amma rəhmətlik uzun illər yaşadığı evdən ayrılmaq istəmirdi. Ölənə qədər təzə evlərində uzağı on- on beş dəfə olmuşdu. Kefim məhləmizdə yaxşıdı, deyib, kürəkənini rahatlamağa çalışırdı.

Ali qonaqları nazirin qardaşı qarşılayırdı. Gələnlər yerbəyer etdikdən sonra mərasim başladı. Mollalıq etməyə şeyxülislamın gənc müavini gəlmişdi.

Məclis təzə başlamışdı ki, içəri girmək istəyən iki nəfəri polislər və nazirin mühavizəçiləri tutub çölə çıxartdılar. Çünki köhnə və nimdaş geyimli, üzü-başı saqqal basmış kişilər yasa gələnlərin ab-havasını korlayırdılar.

Şahinlə Vahid qarşılaşdıqları münasibətdən şaşırmışdılar. Əksini gözləyirdilər. Ona görə ki, mərhumla mehriban münasibətləri vardı. Dəfələrlə nazirin qaynatası Şahingilə siqaret pulu vermişdi. Elə vaxt olurdu geyim də alırdı onlara. Ağsaqqalla onların münasibətindən istifadə edən bəzi zirəklər onlar vasitəsilə nazir qaynatasından xahişlər də edirdilər.

“Dəli”lərin mağara buraxılmamasını qonaqlar normal qarşılamışdılar. İki üstündən cin hürkən avaranın nə işi var hörnətli nazirin yasında? Məscidin qapısını açıq görüblər? Yerlərini bilməlidilər axı. Ən azında məclisə görə geyim qaydası var.

Nazirin qaynatasının yeddisində, qırxında, ilində iki dost gəlmədilər. Hətta o məhlədəki yasları da baykot etmişdilər bir müddət. Sonra bir təhər xahiş-minnətlə razı salıb onların ayağını yenidən ora açmışdılar.

Dekabr girsə də, payız hələ dirəşmişdi. Günəş bacardığı qədər soyuq hava kütlələrinin qarşısını kəsməyə çalışırdı. Səhərlər bir az soyuq olsa da, gündüzlər hava mülayim keçirdi. Yüngül gödəkcələrlə gəzənlər belə vardı. Uşaqlar həsrətlə qarın yağmasını gözləsələr də, böyüklər belə havanın elə bütün qışı davam etməsini istəyirdilər. Çünki göydən yağan hər şey bu şəhərdə, bu qəsəbədə problem yaradırdı. Havanı problem etməyən Şahinlə Vahid günəşin xəfif istisində xumarlana-xumarlana növbəti yasa tələsirdilər. Vahidin gözəl təqvim yaddaşı vardı. Ayları, günləri gözəl xatırlayırdı. Hamısını da yas məclislərinə görə. Kimsə öldümü, onun üçündən ilinə qədər bütün tarixlərinə qədər yadda saxlayırdı. Heç bir yerə də yazmırdı. Beynində qeyd edirdi. Çox vaxt olurdu ki, ondan soruşurdular kiminsə üçü, yeddisi, cümə axşamısını. Bu dəfə də Vahidin hesabıyla makler Tofiqin anasının qırxı idi. Kişi məclisləri ənənəvi olaraq bir-iki arasında başlayırdı. Hər zaman da sanki zərgər dəqiqliyi ilə yemək verilən vaxta gedib çıxırdılar. Adamda illərin intuisiyası yaranmışdı.

Məclisdə molla mərhumənin ancaq yeddisi və qırxının keçiriləcəyini elan edib tarix verdi. Şahinlə Vahid bu dəfə də “fatihə”ni gözləməyib çıxdılar. Vahid qapıda duranların birindən siqaret alıb yandırdı. Sinədolusu tüstünü çəkib buraxmaq istəyəndə öskürdü.

-Bu nə siqaretdi əə, verdin mənə?

-“Marlboro” vermişəm. Özü də “şveyçarski”di.

-Bəs niyə məni belə öskürtdü? Tfuuuu, blyat.

Şahin cibindən ucuz siqareti çıxardıb ona uzatdı.

-Yetim, sənin harana yaraşır “Marlbro” çəkmək? Al bu yetim siqaretini.

O gündən sonra Vahidin tez-tez öskürməsinin şahidi oldular. Gah siqaretdəndi dedilər, gah özünü soyuğa vermisən deyib tənbehlədilər. Lakin heç nə Vahidə kar eləmədi. Bütün məsləhətləri, iradları bir qulağından alıb o birisindən verdi.

Ömrü boyu xəstələndiyi görülməyən Vahid yavaş-yavaş yasları buraxmağa başladı. Şahin buna öyrəşmədiyindən özünü bir təhər hiss edirdi. Məclisdə onları cüt görməyə adət etmiş qəsəbə camaatı da bu vəziyyətə öyrəncəli deyildilər.

O qışı Vahid demək olar xəstə yatdı. Şahin onlara getməzdi əvvəllər, onda da getmədi. Ümumiyyətlə kiminsə evinə getməklə arası yox idi. Onun məkanı ev, yas yerləri və bəzən də çayxanalar olardı.

Novruz bayramından sonra deyəsən Əzrayıl qəsəbəyə köçmüşdü. Yas yasın dalıncaydı. Birinin üçü çıxmamış başqasının ölüm xəbəri gəlirdi.  Şahin hər gün səhər işə gedər kimi evdən çıxar, axşamüstü qayıdardı. Vahidi görmədiyinə də öyrəşmişdi. Millət də daha ondan Vahidi soruşmuşdu. Onlar da alışmışdılar.

Aprelin sonlarına doğru havalar yağmurlu keçirdi. Soyuq havaya görə insanlar hələ yaz geyiminə keçə bilməmişdilər. Qalın gödəkcələr əyinlərdəydi. Soyuq hava Şahini də yatağa salmışdı. beş gün idi ki, qızdırmadan yanırdı. Altıncı gün bir təhər ayağa qalxa bildi. Anası çölə çıxmağa imkan vermədi, Şahin də hiss etdi ki, anası ondan nəyisə gizlədir. Ona deməsə də narahatçılığı var.

Səhərisi hava bir az açılmışdı. İsti olmasa da, soyuq da deyildi. Şahin məhəlləyə düşüb təzə xəbərləri eşitmək istəyirdi. Bir həftəydi çöl üzü görmürdü. Ac qalmışdı qəsəbə xəbərlərinə. Məhəllədəki dükanın önündə yığışan kişilər Şahinin gözünə bir təhər göründülər. Salam-kəlamdan başqa heç nə danışmadılar. Eləcə susdular. Şahin ağzını açıb nəsə demək istəyirdi ki, Qasım kişi qoluna girib kənara çəkdi. Qulağına dedi ki, körpünün o tərəfində təzə rəhmətə gedən var. Bu gün üçüdü.

Şahin instiktiv olaraq həmin istiqamətə götürüldü. Yerimir, az qala qaçırdı. İçindəki bir hiss onu ora dartırdı. Yas yerində yaxşı bir şey eşidəcəyini ummurdu. Lakin yenə də heç vaxt tələsmədiyi qədər can atırdı yeni yas yerinə.

Çatan kimi çadıra girdi. İnsanları bu dəfə daha hüznlü gördü. Əvvəllər belə olmamışdı. Yasa gələnlərin heç də hamısı kədərli olmurdu. Deyib-gülənlər də olurdu yaslarda. Bu dəfə hamının gözündə qəmginlik, kədər vardı. Şahin bu vəziyyətin qəribəliyinə ciddi yanaşmamağa çalışdı. Önünə qoyulan aşı yeyə-yeyə başını qaldırıb qarşısına baxdı. Vahidin yerinə ayrı adamı gördü. Elə buna da öyrəşmişdi. Ancaq yenə də Vahidi istədi ürəyi. Yasda qulluq edən uşaqlardan birindən Vahidin gəlib-gəlmədiyi soruşdu. Uşaq sualdan duruxdu. Başıyla molla oturan tərəfi göstərdi.

-Yuxarıdakı şəkilə bax.

Şahin fotoşəkildə gördüyünə inanmaq istəmədi. Ayağa qalxıb yaxına getdi. Dördkünc çərçivədən Vahid istehzalı gülüşüylə baxırdı.

 

 

 

 

Advertisements

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma