Həyat payını axtaran Şərq qadını


 

Pərinuş Səniinin “Mənim payım” romanı əlimə keçəndə öncə oxumağa ərindim. Elə bildim ənənəvi romantik əsərlərdəndi. Hisslərə ifrat yüklənən, romantikanın göz deşdiyi əsərlərə qarşı kompleksim olduğundan uzun müddət bu əsər gözləmə mövqeyində durdu. Sonra isə bir neçə zövqünə inandığım kəslərin tövsiyəsinə əsasən başladım oxumağa.

Peşman da olmadım. Əksinə gec oxuduğum üçün özümü qınadım da. Önyarqıya çox qapılmışam. Pərinuş xanımın avtobioqrafik əsəri xatirə janrına bir maraq oyatdı məndə.Perinush-Senii-Menim-Payim-Cover-Page-curve1

“Mənim payım” şərqdə qadının son 60 ilinin ümumi tarixçəsidir. Sürətlə dəyişən dünyada özünə yer tutmağa çalışan qadın yeni dəyərlər sistemində yeri hələ bəlli olmamağın verdiyi diskamfortla əlləşirdi. Ənənələr şərq qadınını dəyişikliklərə rəğmən yerində tutmağa çalışır, şərq qadını isə bununla barışmaq istəmir. Beləcə əvvəl gizli, sonra isə açıq savaş başlayır. Modernizasiyanın olmazsa olmazı qadın azadlığı bu yolu keçən Şərqdə də aktual olmağa başlayır.

İranın qatı dindar əyaləti Qumdan paytaxta köçən Məsumənin ailəsi urbanistik həyata uzun müddət alışa bilmirlər. Əyalətin patriarxal, ənənəyə sıx bağlı olan mühitindən Tehranın sosiallaşmağa meyilli ortamına düşən ailə buna müqavimət göstərir. Məsumənin oxumasına qarşı çıxılır. Qəribədir ki, bunu edən də evin kişisi yox qadınıdır. Ata qızının oxumasını istəsə də ana 5-6 sinifdən yuxarı oxumağı məqbul görmür. Qızın məktəbdə yaxşı oxuması da ananın fikrini dəyişdirmir. Məsumə mütləq məktəbi atıb dərziliyi öyrənməlidir. İranlı qadına bilik lazım deyil, öyrənəcəyi peşə daha vacibdir.

Atası ailədaxili basqılara baxmayaraq qızının təhsilini davam etdirməsinə qərar verir. Lakin buna Məsumənin özü “mane” olur. Urmiyəli Səidlə uzaqdan uzağa yaşadığı eşqin ailəsi tərəfindən aşkar olunması onun təhsilini yarıda kəsir. Ana əlinə düşən bu fürsətdən yararlanaraq qızını məktəbdən çıxardıb tezliklə ərə vermək barədə düşünür.

Nəhayət uyğun ər tapılır. Bu inqilbaçı oğlanlarının “başını bağlamaq” istəyən orta səviyyəli bir ailə olur. Məsumə gələcək əri Həmidi toya qədər ancaq şəkildən görə bilir. Toy gecəsini belə Həmid gəlinin yanında yox inqilabçı dostlarının yanında keçirir. Məsumə sonrakı həyatında Həmidi çox da görə bilmir. Çünki gizli inqilabi fəaliyyəti ilə əlaqədar səfərlərdə olan Həmid ailəsində çox siyasi amalını üstün tutur.

Onsuz da ərinin üzünü doğru dürüst görə bilməyən Məsumə bir müddət sonra onu tamamilə itirir. Hakimiyyəti ələ keçirən mollalar sol görüşlü Həmidi kafir elan edib edam edirlər. 3 uşaqla təkbaşına qalan Məsumə keşməkeşli, əzablı həyatına davam edir. Doğma qardaşı belə onlara pislik etməkdən çəkinmir. Sonda isə həyatını övladlarına həsr edən Məsuməyə övladları ilk və tək sevgisi Səidə qovuşmağa mane olurlar. İnqilabçı ərinin xatirəsi və uşaqlarının eqosu bu izdivaca imkan vermir.

Əsərin süjeti barədə bu qədər də çoxdur əslində. Sadəcə oxumaq istəyənlər üçün ümumi məlumat olsun deyə yazdım. Məni romanda diqqətimi çəkən digər əsas məsələ inqilab və nəticəsi oldu. Həmid və yoldaşları islamçılardan da əvvəl şah rejimiylə mübarizə aparırdılar. Ömürlərini bu yolda fəda edənlərin sonda nəinki mükafatlandırılması, əksinə cəzalara məruz qalması məni xeyli düşündürdü. Heç kimin şaha qarşı çıxa bilmədiyi vaxtda onlar təkbaşına mübarizə aparırdılar.

Bu roman mənə bütün inqilabların heç də hər zaman yaxşılıqlara gətirib çıxarmadığı düşüncəsini möhkəmləndirdi. Əksinə geriyə atdığının şahidi olduq İrandakı inqilabda. Şaha qarşı çıxanlar sonrada çox peşman oldular. Az-çox sahib olduqları haqqları da itirdilər. Ondan sonra yüz minlərlə insanın tələf olduğu mənasız müharibə, elementar insan haqqlarından məhrum edilmələr və digər məhrumiyyətlər. Şaha qarşı çıxmış onlarla, yüzlərlə adam əziyyətlərinin bəhrəsini yox cəfasını gördülər.

Hər zaman əcnəbi müəlliflərin bu tip əsələrini oxuduqda “o əjdahadan bizdə niyə yoxdu” deyə düşünürəm. Müəyyən bir tarixi dövrümüzü əsk etdirən, realizm janrında əsərləri görəndə qiymətli bir şey tapmış kimi oluram. Lakin çox təəssüflə qeyd edim ki, belə nəsr nümunələri yox deyiləcək qədər azdı. 20-ci əsr tariximizi özündə əks etdirəm romanlara ehtiyacın olmasını vurğulamağa isə ehtiyac yoxdu.

Motivlərini real hadisələrdən götürən ədəbiyyat nümunələri olmadan başqa ədəbi cərəyanların inkişaf etməsi qeyri mümkündür. Bunu kimdənsə götürməmişəm. Şəxsi müşahidəmdi. Realizm cərəyanı olmadan post modernizm olmaz məsələn. Amma baxıram indiki yeni yazarlara. Kafka, Bukovski havasına yüklənən gənclər yerli hadisələri qələmə almaqdansa ya əcnəbi süjetlərə yönəlirlər, ya da ultra pessimist, fəlsəfi, uramüdrik nələrsə yazmağa cəhd edirlər. Halbuki yaşları maksimum 30-a qədər olan bu gənclər ətraflarında gördüklərini qələmə alsalar həm ədəbiyyatımıza, həm də tarixə qatqılar olardı. Sizi əmin edirəm ki, 20 il sonra indi yazılanları oxuyub necə yaşadığımızı anlaya bilməyəcəklər. Çünki bu əsərlərdə yaşantılarımız yoxdur.

P.S. “Mənim payım” əsəri “Qanun” nəşriyyatının keyfiyyətli nəşr etdiyi çox az kitablardan biridir. Diləyim odur ki, Azərbaycan kitab sahəsinə böyük töhvəsi olan “Qanun” nəşriyyatı bütün kitablarına bu cür yanaşsın.

 

 

 

Advertisements

One thought on “Həyat payını axtaran Şərq qadını

Cavab yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma