Canavar-hekayə


Siz həyatınızda canavar gördünüzmü? Zooparkda gördüyünüzü saymayaq. Kənddə böyüyənlər görmüş olar, çöldə bayırda əkinə gedəndə, mal-qara otaranda qarşılarına çıxıb. Bu cür qarşılaşmalar çox vaxt ani olur. Həm insan, həm də canavar bu ani qarşılaşmanı gözləmədiklərindən ikisi də hürkür. “Üz-üzə gəldik, amma mənə heçnə etmədi”, “Yolda qarşıma çıxdı, yerimdə donub qaldım, bir az sonra özü çıxıb getdi”, “O günü bostanda növbə çəkirdim, baxdım tağların arasından xışıltı səsi gəlir. Yaxınlaşıb gördüm ki, canavardı, yemişləri yeyir. Məni görən kimi qaçdı getdi” və başqa hekayələri o qədər eşitmişdim ki. Yəqin sizlərə də danışıblar.grey-wolf-snow

Həmişə də həvəslə qulaq asmışam. Kiminsə dilindən “filan yerdə canavar gördüm” sözü eşitdimsə əl çəkmirdim. Ayrıntılarıyla anlatmasını istəyirdim. Həmin adam danışdıqca mən də beynimdə canlandırır və mistik bir dünya yaradırdım.

Amma bir şey diqqətimi çəkirdi. Haqqında müxtəlif əfsanələr düzüb qoşulan qurd barədə elə təsəvvür yaradıblar ki, insanı görən kimi parçalamağa hazır olur. Yəni ondan qurtuluş yoxdur. Əgər beləydisə canavarlarla qarşılaşanlar necə qurtulublar bəs?

Heyvanlar haqqında çəkilən səbədli filmlərdə canavarları təsəvvür etdikləri kimi görmürdüm. Çox da deyilən kimi nəhəng, boz və ya qırmızıya çalan, belində mavi tükləri olan canlı deyildi. Təqribən it boyda. Sadəcə davranışları fərqlənirdi o qədər.

Zooparkda gördüyüm canavarlar isə bu heyvanı gözümdən lap salmışdı. Arıq, tükləri tökülmüş, bədəni yara basmış, quyruğunu daima arxadan qarnına salıb gəzən bir vəhşi. Vəhşi sözü də artıq gəlirdi. Yerində vurnuxan, gözləri daima nəsə axtaran bir sərsəri. Zooparkdakı canavarlar məni özlərindən küsdürmüşdülər.

Amma bir gün onları yaxından gördüm. Özü də vəhşi təbiətin özündə. O qədər yaxın ki, gözlərimiz arasındakı məsafə bir neçə santimetr olardı. Özü də bu uzun müddət davam etmişdi.

90-cı illərin əvvəlləriydi. Ölkədə müharibə gedirdi. Qış tətilinə çıxdığımızdan valideynlərim məni rayona, nənəmgilə göndərmişdi. Əsasən yay aylarında kəndə getsək də bu dəfə nədənsə istisna oldu. Özü də deyim ki, həmin il qış çox sərt keçirdi. Böyüyəndən sonra bir şeyə diqqət elədim. Sanki müharibələr zamanı qış daha sərt keçir. Napaleonun Rusiyaya yürüşü, Dünya Müharibələri və indi də Qarabağ savaşı. Sanki təbiət qızışmış ehtirasları soyutmaq üçün öz silahını işə salır.

Soyuq havalarda kənd evlərinin bir başqa ləzzəti olur. Çırtaçırt yanan soba, ətrafına yığışmış ev əhli, qonum-qonşu və onların söhbətləri… Nənəmin və ya xalamın böyrünə qısılıb həmin söhbətlərə acgözlüklə qulaq asırdım. Nələrdən danışmırdılar ki? Adi kəndin məişət qeybətindən tutmuş, dava gedən savaşlara qədər. Bir də görürdün mənim sevimli mövzuma da girirdilər. Kimsə qış günündə çöldə hansısa heyvanla rastlaşıb. Arxa küçədə yaşayan Qara dayı tülkü yuvası tapmışdı. Ordan yarıdonmuş erkək tülkünü lapetə atıb gətirmişdi. Həmin tülkünü də hinin yanındakı boş ağıla qoyubmuş. Vəhşi heyvan özünə gəlib dirilib. Bütün küçənin uşaqları da tülkünün tamaşasına yığışıblar. Kənd uşaqları olsa da tülkü kimi vəhşi heyvanlar hər gün gördükləri canlı deyil. Uşaqlar o ömrü yaşamayıblar hələ.

Kələkbaz heyvan qəfəsin içində o yan-bu yana vurnuxurdu. Bir gün özüm də getdim gördüm. Elə hiss etdim ki, dar yerə salınmağına görə yox toyuqlarla yanaşı olub da əlinin onlara çatmaması yaman dilxor edib hiyləgəri. Gözləri elə hey toyuq-cücənin üstündəydi. Cizgi filmlərindəki kimi dilini acgözlüklə çıxardıb yalamasa da duruşu, baxışı məqsədinin bir addımlığında olub sonda əldə edə bilməməyin peşmançılığını göstərirdi.

Həmin ərəfədə dayım da məzuniyyətə gəlmişdi. Sərhəd rayonlarından birində könüllü olaraq xidmət edirdi. Özüylə bərabər gizlicə əl qumbarası da gətirmişdi. Bunu sonra öyrəndim.

Soba üstü söhbətlərin birində dayım xalamın ərinə dedi ki, Kürün sahilindəki qamışlıqlarda yaxşı qaban var. Keçən dəfə bir dəstəsini özü görüb. Bundan başqa xeyli ördək, qaşqaldaq da ovçusunu gözləyir. Bir sözlə Kür qırağı yerlər ov cənnətidi.

Böyüklərin söhbəti onunla yekunlaşdı ki, sabaha ov planlaşdırıldı. Oradaca vəzifə bölgüsü aparıldı. Dayım səhər rayon mərkəzinə gedib boş patronlar alacaqdı. İçini də gətirib özləri dolduracaqdı. Qırmanın, barıtın miqdarını özləri təyin edəcəkdilər. Deyilənə görə belə daha yaxşıdı. Xalamın yoldaşı da “UAZ” maşınıyla məşğul olacaqdı. Təkərini dəyişəcək, benzin tökəcək və xırda-para təmir edəcəkdi.

Bunlar razılaşdırıb qəti qərara gəlmişdilər ki, mən də özümü ortaya atıb onlarla getmək istədiyimi dedim. Dayım düşünmədən yox dedi. Amma xalamın əri “qoy getsin. Şəhər uşağıdı, qoy həyatında ovun nə olduğunu görsün” deyərək mənim tərəfimi saxladı. Dayım könülsüz də olsa razı oldu. Burnunun altında donquldana-donquldana qaldı ki, “uşaqdı, əl ayağımıza dolaşacaq”.

Bizimlə birgə dayımın uşaqlıq dostu da gedəcəkdi. O da mənim iştirakıma razılaşdı. Dayım azlıqda qalmışdı.

Səhərə qədər yata bilmədim. Elə həyacanlıydım ki… Səhərə yaxın yatsam da səhər ertə durdum. Nənəm belə tez oyanmağıma təəccüblənsə də səfərimizi bildiyindən bir söz demədi.

Səhər yeməyimi yeyən kimi götürüldüm kəndə sarı. Xalam uşaqlarına ova gedəcəyimi deyib sevincimi bölüşmək və bir az da lovğalanmaq istəyirdim. Böyük xalamın oğlu özünü o yerə qoymadı: “Eh, mən keçən ay getmişdim. İki ördək vurmuşduq. Yeni ildə qəşəngcənə qızartdıq”. Digər uşaqların isə üzündən həsəd oxunurdu.

Nəhayət günorta yeməyimizi yeyib doluşduq maşına. Kəndlə Kürün arası düz xətlə 6-7 kilometr olardı. Ancaq yollar dərə təpəylə, əyrü-üyrü getdiyindən məsafə artırdı. Maşını bir təpənin başında saxlayıb çayın sahilinə endik. Yerdə bir neçə gün əvvəl yağmış qardan adacıqlar qalmışdı. Dayımgil quru yer seçsələr də mən harda qar var ora girirdim. Bir də ondan ayıldım ki, dayım başıma yüngül qapaz vurub danlayır: “Hara soxursan özünü? Ayaqqabını niyə xarab edirsən? İndi dədənin imkanı var təzə ayaqqabı alsın bu bahaçılıqda?”. Əlacsız qalıb onlar kimi qarsız yerlərdən keçdim.

Bir qədər gedəndən sonra qamışlığa çatdıq. Dayımın dostu donuzları hürkütmək üçün qamışlığa girdi. Harada ola biləcəklərini təqribən bilirdi. Birdən xışıltı səsi gəldi, getdikcə artmağa başladı. Hiss olunurduki sürü qaçır qamışlıqla. Çöl donuzu olmaları da şübhə doğurmurdu. Amma sürü bizə çathaçatda istiqamət dəyişdirib sola döndü. Bir qədər gedəndən sonra isə getdikləri istiqamətin uçuruma apardığını görüb dayandılar. Deyəsən donuzlardan biri sürətini saxlaya bilməyib uçurumdan aşağı yuvarlanmışdı. Lakin uçurum dediyim 4-5 hündürlüyündə yarğan kənarıydı. Ordan düşüb həlak olmaq ehtimalı az idi.

Sürünün qalanı geriyə dönüb üstümüzə gəlməyə başladı. Dayım mənə qışqırıb arxaya qaçmağa tapşırdı. Onsuz da yaranmış səs-küydən elə qorxmuşdum ki, bir neçə addım geriyə çəkilmişdim. Dayımın sözündən sonra dönüb qaçmağa hazırlaşırdım ki, iki atəş səsi eşitdim. Demək olar eyni vaxtda açılmışdı. Amma ortada heç bir donuz görmədim. Ürəyimdə heyf, qaçırdıq deyə düşünməyə başlamışdım ki, xalamın yoldaşı açdıqları atəşlə birini yaraladıqlarını dedi. yaxınlaşıb tapdanmış qamışlığa baxdıq. Həqiqətən də qan var. Yaralı qaban uzağa gedə bilməzdi. Dayım dostunu da səsləyib sürünün arxasıyla getdi. Mən xalamın yoldaşıyla qaldım. Yarım saat sonra qoyundan bir az balaca qabanı sürüyüb gətirdilər. Dayım sonra danışdı ki, digər tərəfdəki uçuruma düşmüşdü. Yaralı olduğundan yarğanın qarşı tərəfinə keçə bilməmişdi.

Çöldonuzunu bir təhər sürüyüb maşının yanına gətirdik. Oradaca soyub ətini maşına atdılar. Hava qaralmağa başlayırdı. Əlavə çöl quşlarını ovlamaq təxirə salındı. Əslində quş ovu qaban ovunun “b” variantı idi. Alınmasaydı quş vuracaqdılar.

Xalamın əri maşını işə salanda elə bildim evə qayıdırıq. Yorulsam da doymamışdım açığı. Məlum oldu ki, evə qayıtmırıq. Qonşu kəndin yanındakı qışlaqda bir tanışları vardı. Əti ora aparıb kabab edəcək və yeyib içəcəkdilər. Bu xəbərə çox sevindim. Sərgüzəştlərimiz davam edirdi.

Qışlağa yol bir az uzaq idi. Qrunt yolları maşını atıb tuturdu. Bir az sonra salonun istisindən yuxuya getdim.

Bir də ayıldım ki, maşından heç kim yoxdu. Üstümdə dayımın dostunun böyük kürkü var. Ona “tulub” da deyirlər. Yorğandan da isti edir. Ətraf qaranlıq olduğundan gözümün öyrəşməyi bir az vaxt apardı. Ay çıxsa da bulutların arxasından şöləsi zəif idi. Paltomu geyinib maşından düşmək istəyirdim ki, içimdən bir səs içəridə qal dedi. Pəncərədən baxın harada olduğumu müəyyənləşdirmək istədim. Qışlaq xeyli aralıdaydı. “UAZ”-ı niyə bu qədər kənarda saxladıqlarına təəccüb elədim. Yaxına sürmək olmazdımı?

Qaranlıqda ətrafı öyrənməyə çalışırdım ki, birdən maşına tərəf bir canlının yaxınlaşdığını hiss etdim. Əvvəl itə oxşatdım. Nə də olsa yaxınlıqda qışlaq var. Oranın itləridi. Amma gələn heyvanın it olmadığını fərq etdim. Həm boyu, həm də yerişi. Beynimdən ildırım kimi bir fikir keçdi. Həqiqətənmi odur…

Artıq şübhəm qalmamışdı. Bu canavar idi. Onun ardınca daha 3 canavar peyda oldu. Birinci gələn maşının qarşısında çöməltmə oturdu. Üzü mənə tərəf baxırdı. Maşında hansı tərəfdə olduğumu da sanki bilirdi. Qalanları onun ətrafında durmuşdular. Heçbiri üzü mənə deyildi.

Dəstənin başçısı (davranışından elə hesab etdim) durub maşının ətrafına dolandı. Bir müddət gözdən itib yenidən qayıtdı. Sanki əmin olmaq istəyirdi ki, ətrafda başqa heç nə yoxdu. Onun hərəkətlərini elə maraqla izləyirdim ki, ağzım açıq qalmışdı. Özümdən xəbərsiz maşının şüşəsinə üzümü dirəmişdim. Canavarın niyyətinin heç də mənimlə oynamaq və insana baxmaq olduğunu düşənəcək qədər də uşaq ağılda deyildim. Amma maşının içində olmağım və şiddətli maraq qorxunu bir az azaltmışdı.

Birdən canavarın sifəti altından çıxıb qarşımda peyda oldu. Sən demə o da içəridən onu izləyəni yaxından görmək istəyirdi. Pəncələrini qaldırıb qapının üstünə qoymuşdu. Əvvəl hürküb geri çəkilsəm də aramızda qalın şüşə olduğunu xatırlayıb yaxınlaşdım. Canavarın burnundan çıxan buğ pəncərədə buxar izi qoyurdu. Təbiətin ən vəhşi, ən mərhəmətsiz, ən güclü heyvanıyla üz-üzə, göz-gözə dayanmışdım. Haqqında əfsanələr oxuduğum, dinlədiyim boz qurd buymuş demək.

Sarımtıl gözlərlə nə qədər baxışdığımızı bilməsəm də mənə uzun müddət kimi gəldi. Nəhayət o vəziyyətdə durmaqdan bezib yerə düşdü. Başladı maşının ətrafında yenə dövr etməyə. Bir-iki dəfə kapotun üstünə çıxmağa cəhd etsə də alınmadı. Məni yemək istəmələrini artıq gizlətmirdilər. Romantikadan ayılıb reallığı görməyə başladım. Yavaş-yavaş qorxu məni bürüməyə başladı. Tək olduğumu və köməksiz qaldığımı düşündükcə qorxum daha da artdı.

Birdən atəş səsi eşidildi. Canavarlar tez aradan çıxdılar. Qaranlığın arasından dayımın dostu göründü. Maşının qapısını açıb məni çölə çıxartdı.

Qorxumdan ayağım yer tutmurdu. Bir təhər onunla qışlağa tərəf getdim. Arada çay axdığından daşların üstüylə ehtiyatla, ehmallıca keçdik. Maşını niyə aralı saxlamaqları mənə agah oldu.

Çathaçatda niyə atəş açdığını soruşdum. Elə bildim canavarları görüb. Dedi ki, sadəcə hər ehtimala qarşı bir güllə boşaldıb. Ona canavarlarla əhatələndiyimi dedikdə qorxdu. “Nə yaxşı qapını açıb çölə çıxmamısan. Səni o saat parçalayardılar. Sümüklərin də qalmazdı”.

İçəri keçəndə gördüm ki, kabablar artıq stolun üstünə gəlib. Ortada qrafinkada ağ maye var. Bildim ki, araqdı. Dayımın dostu başıma gələnləri onlara da dedi. Bir anlıq susdular. Ən çox dayım şok keçirdi. “Sənə bir şey olsaydı bacıma nə cavab verəcəkdim. Səni bir də gətirməyəcəm”.

Dayım gələcək ovları üzümə bağlasa da gördüklərimdən çox razı qalmışdım. Bir ömür boyu unuda bilməyəcəyim xatirəm vardı.

Təqribən 2 saatdan sonra tərpəndik. Dayım çantasından qumbaraları çıxardıb “buşlat”ının cibinə qoydu. Yolda birdən canavarlar hücum edərlərsə hazır olsun.

Səhərisi başıma gələnlər bütün kəndə yayıldı. Artıq bir qəhrəman olmuşdum.

 

Cavab yaz